Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda şanlı qələbəmizə həsr edilən “Zəfər dadı” Kulinariya Festivalı keçirilib

15 noyabr 2021 | 16:00

Vətən müharibəsində düşmən üzərində qazandığımız tarixi qələbənin birinci ildönümü münasibətilə Səbail rayonunda möhtəşəm kulinariya festivalı baş tutub. Torpaqlarımızı 30 illik işğaldan azad edərək qazandığımız şanlı qələbəmizə həsr olunan tədbir “Azeri Home Chef”in təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin və Səbail rayonunun millət vəkili Nigar Arpadarainin dəstəyi ilə təşkil edilib.
14 noyabr tarixində Sahil parkında baş tutan kulinariya festivalında Vətən müharibəsi qaziləri, Səbail Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ölkənin tanınmış kulinarları, həmçinin paytaxt sakinləri iştirak ediblər.
Festivalın əsas tərkib hissəsi olan və 50 həvəskar kulinarın qatıldığı “Qələbənin dadı” adlı müsabiqədə iştirakçılar Zəfər bayramına həsr olunmuş növbənöv yeməklər hazırlayıblar. Hazırlanan təamlar Vətən müharibəsi qazilərindən ibarət jüri heyəti tərəfindən dequstasiya edilərək qiymətləndirilib.
Qeyd edək ki, Beynəlxalq Kulinariya Assosiasiyasının Azərbaycan filialının Vitse-prezidenti Anar Qasımov, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının İdarə Heyətinin üzvü Sərxan Məmmədbəyov da münsif heyəti sıralarında olub və həvəskar kulinarların əl işləri ilə bağlı öz fikir və məsləhətlərini bölüşüblər.
Sahil parkında baş tutan, yüzlərlə insanın maraqla izlədiyi və birbaşa iştirakçısına çevrildiyi festivalda həmçinin kiçik sahibkarların əl işlərinin və məhsullarının satışı da həyata keçirilib.
Xatırladaq ki, “Azeri Home Chef” Fəxrəndə Həsənzadə tərəfindən təsis edilən “Facebook” sosial media platformasında 40 minə yaxın fəal sosial şəbəkə istifadəçilərini birləşdirən bir qrupdur. Sözügedən qrup hər ay kulinariya mövzusunda müxtəlif maraqlı tədbirlər və müsabiqələr keçirir.

Keçidlər