Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

01 mart 2017 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak ediblər.
FEVRALIN 26-DA BAKIDA XX ƏSRDƏ BƏŞƏR TARİXİNƏ XOCALI SOYQIRIMI KİMİ DAXİL OLAN QANLI FACİƏNİN 25-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ÜMUMXALQ YÜRÜŞÜ KEÇİRİLİB. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.
Paytaxtın Azadlıq meydanından başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ön sırasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın olduqları yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar.
Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilirdi.
Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Heydər Əliyev abidənin önünə tər güllər qoydular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.
Fevralın 26-da bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etdi. On minlərlə insan soyqırımı abidəsini ziyarət etdi. Abidənin önünə tər çiçəklər qoyuldu, şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər