Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz bayramı şənliklərində münasibətilə ümumxalq şənliyində iştirak edib

18 mart 2017 | 16:00

Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.
Bakıda keçirilən V Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları da Novruz şənliyinə qatılıblar.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Bahar qız Azərbaycan Prezidentinə Novruz xonçası təqdim etdi, dövlətimizin başçısına və xanımına bayram münasibətilə təbriklərini çatdırdı.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəldilər.
Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılandı.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.
Prezidenti və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar.
Dövlətimizin başçısı, xanımı, xarici qonaqlar və ümumxalq şənliyinin digər iştirakçıları “Novruz” yarmarkası ilə tanış oldular.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə, Azərbaycan xalçalarına baxdılar, pəhləvanların, güləşçilərin çıxışlarını izlədilər, aşıqların, “Nənələr”, “Rəfti” özfəaliyyət kollektivlərinin, “Natiq” ritm qrupunun, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının kollektivinin ifalarını dinlədilər.
Dövlətimizin başçısına və xanımına “İctimai Wi-Fi” layihəsi barədə təqdimat nümayiş olundu.
Bildirildi ki, ilkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib. Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ictimai internetdən istifadəni təmin edən avadanlıq quraşdırılıb. Növbəti mərhələdə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində işlər həyata keçiriləcək.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qonaqlar burada Formula-1 yarışlarının bolidinə baxdılar.
Dövlətimizin başçısına və xanımına IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri təqdim olundu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Olimpiya çempionları, Formula-1 Azərbaycan Qran-Prisinin və IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə görüşdülər.
Ümumxalq şənliyinin iştirakçıları müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin ləziz təamlarından, bu bayramın rəmzi olan şirniyyat nümunələrindən daddılar.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın yüksək səviyyəli qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.
Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Keçidlər