Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxstanlı qonaqlar Səbail rayonunda

29 avqust 2017 | 16:00

Artıq xeyli müddətdir ki, paytaxtımız Bakı şəhəri ilə Qazaxstan Respublikasının paytaxtı Astana şəhəri arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu əlaqələrin paytaxt şəhərlərin rayonları arasında da yaradılması işlərinə başlanmışdır. Bu işlər çərçivəsində Bakı şəhərində səfərdə olan Qazaxstan Respublikası Astana şəhər İcra Hakimiyyətinin geniş tərkibli nümayəndə heyəti Səbail Rayon İcra Hakimiyyətində qəbul olunmuşdur.
Nümayəndə heyətini İcra Hakimiyyəti binasında qəbul edən Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qonaqları salamlayaraq, ölkəmizdə son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə danışmış, Səbail rayonu, onun tarixi, rayonun bu günki inkişafı, rayonda aparılan geniş miqyaslı quruculuq və abadlıq işləri barədə məlumat vermişdir. Eldar Əzizov xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu qeyd etmişdir.
Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşməsi, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi, ilk Avropa Oyunlarının, «Formula – 1» yarışları mərhələsinin, IV İslam Həmrəyliyi Oyunlarının  keçirilmə yerinin məhz Bakı olması Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir. 
Qazaxstan nümayəndə heyətinin rəhbəri Astana şəhəri Sarıarka Rayonu İcra Hakimiyyətinin başçısı Arman Turlubek nümayəndə heyətinin Bakıda qarşılanması və onlara yaradılan şəraitə görə öz minnətdarlığını bildirib. Səfərin əsas məqsədinin hər iki ölkənin mərkəzi rayonları olan Səbail və Sarıarka rayonları arasında dostluq əlaqələrinin yaradılması, Səbail rayonunun memarlığı, rayonda abadlıq və quruculuq işlərinin aparılması, küçə və həyətlərin sanitar vəziyyətinin qorunması, küçələrin, park və meydanların tərtibatı, rayonda aparılan abadlıq  işlərində yeniliklərin tətbiqi, kommunal xidmətlərin işi və digər məsələlərlə bağlı təcrübə mübadiləsi aparılması olduğunu bildirən Arman Turlubek Bakı şəhərinin gözəlliyinə heyran qaldığını qeyd etmişdir.
Görüşdə çıxış edən nümayəndə heyətinin digər üzvləri də Bakı şəhərinin və xüsusilə də onunu mərkəzinin gözəlliyinə, burada aparılmış geniş miqyaslı abadlıq-quruculuq işlərinə heyran olduqlarını və onlarda xoş təəssürat yarandığını qeyd etmişlər.
Görüşdə hər iki rayon arasında  müxtəlif sahələrdə əlaqələrin yaralıdması və inkişaf etdirilməsi məsələlərinə toxunuldu və qonaqlara hədiyyələr təqdim olundu.
Qazaxstanlı qonaqlar səfər günlərində Səbail rayonundakı görməli yerlər, park və xiyabanlar, yeni tikilmiş idman obyektləri ilə yaxından tanış olacaqlar.

 

Keçidlər