Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılan daha bir həyət sakinlərin istifadəsinə verilib

12 mart 2019 | 16:00

Layihə Səbail rayonu Badamdar qəsəbəsinin Cəmil Hasilov küçəsində ümumilikdə 2000 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir.
"Bizim həyət"  layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fəsadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 200 ağac əkilib və 1000 kvadrat metr ərazidə yaşıllıq zolağı salınıb. Bina sakinlərinin və IDEA-nın iştirakı ilə idman meydançasının açılışı olub və həyətdə ağaclar əkilib.
Qeyd edək ki, sözügedən layihənin Bakının bütün rayonlarında keçirilməsi nəzərdə tutulur.
Şəhid Cəmil Hasilovun həyat yoldaşı Şəhla Hasilova deyib ki, 20 ildir bu küçə şəhidin adını daşıyır: "O, torpaqlarımızın uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Bu təşəbbüs xüsusən də ailəmizin sevincinə səbəb oldu. Uşaqlarımız təmiz yerdə oynayır. Bağda oturacaqlar qoyulub, yaşıllıq salınıb. Əvvəl çətinliklərimiz çox idi, işə gedib axşam qaranlıqda gəlmək olmurdu. Bu yaradılan şərait biz sakinlərin ürəyincədir. Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür edirəm ki, şəhid ailələrinə xüsusi diqqət ayırıb, problemlərimizlə maraqlanıb, dərdimizə şərik olublar".
Bina sakini Xanımgül Hüseynova da yaradılan bu şəraitdən razı olduğunu bildirib: “Bu gün həyətimiz gül-çiçək içindədir, sevinirik ki, belə bir abadlıq bizim həyətdə də yaradılıb. Yaşlılara ayrıca oturub dincəlmək üçün oturacaqlar var, gənclərimiz üçün Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan bu idman kompleksi var. Balalarımız gözümüzün qabağında olurlar. Bizim əsas qayəmiz odur ki, gənclər asudə vaxtlarını səmərəli keçirsinlər, bunun üçün də həyətdə hər cür imkan var".
Bina sakini Solmaz Qasımova əvvəlki vəziyyətlə müqayisə edərək deyib ki, burda hazırda çox fərqlər var: “Həyət rahatlığımız üçün yaş kateqoriyalara bölünüb. Əvvəlki qaranlıq vəziyyətdə yeni bir dünyaya düşmüşük. Bunun təşəbbüskarı IDEA ictimai birliyinə, onun rəhbəri Leyla Əliyevaya təşəkkür edirəm”.

Keçidlər