Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində “Beynəlxalq müəllimlər günü” qeyd olunub

04 oktyabr 2019 | 16:00

Oktyabrın 4-də Səbail Rayon İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq müəllimlər günü” ilə bağlı tədbir keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən görüşdə RİHB-nın müavinləri, rayon ümumtəhsil məktəblərinin direktorları və bir qrup müəllim iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısı Vuqar Zeynalov müəllimləri “5 oktyabr - Beynəlxalq  Müəllimlər Günü” münasibətilə təbrik edərək qeyd etmişdir ki: “Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilmiş, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilmiş, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırmışdır. Məlumdur ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul olmuş səbailli məzunların 54 nəfəri 600 və 600-dən yuxarı bal toplamışdır”. Bunun böyük nəailiyyət olduğunu bildirən RİH başçısı yüksək bal toplayaraq ali məktəblərə daxil olan məzunların sayının ilbəil artmasının sevindirici hal olduğunu və bunda müəllimlərin əvəzsiz rolunun olduğunu vurğulamışdır. Ölkə başçısının və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın  diqqət və qayğısı nəticəsində Səbail rayonunda bir çox ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilərək şagird və müəllimlərin ixtiyarına verildiyini xatırladan RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki, bütün bunlar da təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Tədbir zamanı 160 nömrəli klassik gimnaziyanın direktoru Faina Ələkbərova, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimova, 163 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova və digər tədbir iştirakçıları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın gücləndiyini, müəllimliyin rəqabətli bir peşəyə çevrildiyini və təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd etmişlər.
Tədbirdə pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “Beynəlxalq müəllimlər günü” münasibəti ilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişlər.
Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirmişlər.

Keçidlər