Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

26 dekabr 2019 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən dekabrın 26-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bibiheybət qəsəbəsi, Məktəb küçəsi 40 ünvanında yerləşən 50 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü, daha sonra tədbirdə qaldırılan məsələlərin həlli ilə əlaqədar işçi qaydada müşavirə keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Azərbaycan dövləti sosial təminat sahəsində genişmiqyaslı siyasət aparır. İlk növbədə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunurlar. Eyni zamanda məcburi köçkünlər üçün bu il təqribən 6 minə yaxın ev və mənzil verilib. Son illər ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Gələn il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Bununla yanaşı dövlət başçısının “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” imzaladığı sərəncama əsasən 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəyə ünvanlı dövlət sosial yardım ödəniləcəkdir. Ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi, sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlaması hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir”.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, içməli suyun fasiləsiz verilməsi, sərnişinlərin daşınması üçün yeni marşrut xəttinin çəkilməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Görüşün sonunda sakinlər ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan hər bir sərəncam və fərmanı dəstəklədiklərini, rayonda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Qəbul başa çatdıqdan sonra işçi qaydada keçirilən müşavirədə RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür. Eyni zamanda Vuqar Zeynalov rayon ərazisində, o cümlədən Bibiheybət qəsəbəsində aparılan əsaslı yenidənqurma və abadlıq işlərinin vəziyyəti, sənədsiz torpaq sahələrinin və yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı RİH yanında yaradılmış Yerli Ekspert Komissiyasının fəaliyyəti və bir sıra digər məsələlərlə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər vermişdir.

Keçidlər