Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

25 fevral 2020 | 16:00

Xocalı faciəsinin 28-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri təşkil olunur.
Fevralın 25-də faciənin ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul işçiləri və Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər iştirak etmişlər. Görüş Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Səbail Rayon İcra hakimiyətinin başçısı Vuqar Zeynalov çıxış edərək bildirmişdir ki: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və   366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində aparılan bu soyqırım və təcavüz iyirminci əsrin ən dəhşətli və qəddar faciələrindən biridir. Bunun nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. Bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bu gün Azərbaycanın öz torpaqlarını qorumağa qadir olan güclü ordusu, onun müdrik, uzaqgörən Prezidenti və Ali Baş Komandanı var. Xalqımız əmindir ki, bir qarış torpaqlarımız belə işğal altında qalmayacaqdır. 2016-cı ilin aprel döyüşləri bunu bir daha həm Ermənistan tərəfinə, həm də bütün dünyaya sübut etdi. Hər birimizdə möhkəm bir inam var ki, işğal altında olan bütün torpaqlarımız tezliklə azad ediləcək, Azərbaycanın ərazui bütövlüyü bərpa olunacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır”.
Görüşdə çıxış edən xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər. Daha sonra görüş iştirakçılarına maddi yardım göstərilmiş və ərzaq payları təqdim edilmişdir.
Sonda tədbir iştirakçıları ilə Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.

 

Keçidlər