Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətinə, vətəninə və millətinə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurlarının təminatçısıdır

18 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim bəyan edir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. İslahatları aparmaqla ölkəmiz güclənir və gələcək dayanıqlı inkişafı təmin  edilir. Gənclərin potensial imkanlarının ortaya qoyulmasına, ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə geniş imkanlar açan Dövlət proqramları icra edilir, müxtəlif layihələr həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə  diqqəti 2007-ci ili “Gənclər ili”, 2020-ci ili isə “Könüllülər ili” elan etməsində özünü göstərdi. Ölkəmizdə könüllülük hərəkatının  geniş vüsət alması gənclərin malik olduqları  potensial imkanlarından daha səmərəli istifadə etmələrini şərtləndirir. Məhz bu amillər əsas götürülərək pandemiyanın bütün dünyanı cənginə aldığı bugünkü şəraitdə ölkəmizdə könüllülük əlillərə, kimsəsizlərə, aztəminatlı ailələrə, qocalara, qaçqın və məcburi köçkünlərə, ehtiyacı olan digər kateqoriyadan olan vətəndaşlara kömək edilməsi, insanpərvərliyin, mərhəmətin, bir sözlə, xalqımıza xas olan keyfiyyətlərin təbliği, hüquqi və mədəni maarifləndirmə, sağlam həyat tərzinin təbliği kimi istiqamətlər üzrə həyata keçirilir. Bu gün hansı sahəyə diqqət yetirsək könüllülərin fəaliyyətini görərik.
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Artıq Azərbaycanda  könüllülük bir çox fəaliyyət sferalarına  nüfuz etməklə ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsini, ictimai həyatın müxtəlif sahələrini, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda könüllülük hərəkatı geniş vüsət almışdır. Səbail rayonunda da bu hərəkata qoşulanların və dövlət idarələrində könüllü kimi çalışaraq təcrübə toplayaraq bilik və bacarıqlarını artırandan sonra müsabiqə yolu ilə dövlət qulluğunda çalışanların sayı get-gedə artmaqdadır.
2020-ci il ərzində rayon icra hakimiyyətində 20 nəfər könüllü təcrübə keçmiş, onlara uğurlu fəaliyyət göstərdiklərinə görə təcrübənin sonunda sertifikatlar təqdim edilmişdir. Hal-hazırda da Səbail könüllüləri əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması və küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması işində həvəslə iştirak edirlər.
Könüllülərin qanvermə aksiyalarında iştirakı da təqdirəqaliyqir. Koronavirus epidemiyası ilə əlaqədar olaraq ilk günlər ciddi karantin rejimi tətbiq edilirdi və bu hal istər-istəməz qan verənlərin sayını azaltmışdı. Bu vəziyyətdə Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə talassemiya və hemifoliya xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə dəstək artırıldı, qanvermə aksiyasına qoşulanların sayını artırmaq üçün aksiyalar həyata keçirildi. Qanvermə aksiyası ölkəboyu geniş vüsət aldı. Nəticədə vəziyyət sabitləşdi. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi də qan qıtlığından əziyyət çəkən vətəndaşlarımızı unutmadı. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start verdi. Bu nəcib aksiya çərçivəsində könüllülər Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etdilər. Bu şəraitdə yetişdirilən gənclər növbəti mərhələdə dövlətimizin kadr potensialını gücləndirmək iqtidarında olacaqlar. Azərbaycan prezidentinin korrupsiyaya qarşı amansız mübarizə apardığı indiki mərhələdə dövlətinə, vətəninə və millətinə xidmət etmək istəyən gənclərə ehtiyacımız var.
Qeyd etmək istəyirik ki, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, könüllü təşkilatları və hərəkatları tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə yaradılıb. Mərkəzin fəaliyyətə başladığı 2020-ci il martın 27-dən ötən dövrdə müxtəlif tədbirlər və aksiyalar, o cümlədən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu” və “Könüllü donor” aksiyaları həyata keçirilib. AKƏM-in təşəbbüsü ilə keçirilən aksiyalarda 57 şəhər və rayonda 201 könüllü əlaqələndirici və 1545 nəfər daimi fəaliyyətdə olan könüllü 11 mindən çox yaşlı şəxsə və aztəminatlı ailəyə sosial xidmət göstərib. Bu təşkilatların işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.

Keçidlər