Şriftin ölçüsü :

Saytın rəngi :

Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir

05 iyun 2020 | 16:00

2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycanda da yayılan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülmüşdür. Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilmiş, kütləvi tədbirlər ləğv edilmiş, ölkəmizin quru sərhədləri bağlanılmış, şəhər və rayonlararası gediş-gəliş dayandırılmışdır. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülmüşdür.
Qeyd olunan tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitar-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan nümunəvi ölkə kimi qeyd olunmuşdur.
Lakin vətəndaşların əksəriyyətinin son yumşaldılma tədbirlərindən sonra karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır. Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli tədbirlərin davamı olaraq 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaqdır.
Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.
Bu mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.
Vətəndaşlarımızdan Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam məsuliyyətlə yerinə yetirməyi, yoluxma riskini azaltmaq məqsədilə həftə sonları evdə qalmağı, evləri tərk etməkdən çəkinməyi tövsiyə edirik.

Keçidlər