Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır

09 iyul 2020 | 16:00

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı dövlətimizin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən növbəti bir addımı kimi dəyərləndirilməlidir. Modul tipli hospitalda 800 xəstəni qəbul etmək üçün hər cür imkan yaradılmışdır.
Tibb müəssisəndə yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verən Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri ilə bağlı fikirlərini geniş şəkildə bildirmişdir. Dövlətimizin başçısının dediyi kimi, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar, bu xəstəxanaların 36-sı Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilərək istifadəyə verilmişdir. Fevral ayında bizim cəmi altı laboratoriyamız olsa da, hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib və laboratoriyaların sayı 44-ə çatacaqdır. Məhz görülən işlərin nəticəsidir ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
Dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir. Bu sırada modul tipli xəstəxanaların yaradılması da vacib məqamlardan biridir. Modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Yaxın zamanda daha beş modul tipli xəstəxana inşa olunacaqdır.
Müsahibəsində karantin rejiminə də toxunan dövlətimizin başçısı qeyd edib ki, hər bir vətəndaş bu rejimə əməl etməlidir və heç kim qanundan üstün deyil. Əsas məqsəd xalqın sağlamlığının qorunmasıdır. İnsanların sağlamlığı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi də dövlətimiz üçün prioritetdir. Heç bir sosial layihə təxirə salınmadı. Bu dövrdə ön planda olan insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Cənab İlham Əliyev müsahibəsində cari ildə ən həssas təbəqəyə aid olan layihələrin icra edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, cari ildə məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə cari ildə 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəni, yaxud da 300 mindən çox insanı əhatə etdi. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur. Bu mühüm məqam da diqqətə çatdırılır ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Pandemiya ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq bəzi sahələrdə, o cümlədən kənd təsərrüfatında 3 faizdən çox artım vardır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub.
Dövlət başçısının vurğuladığı kimi, neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Nəzərə alsaq ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər, bu halda özlərini xalqa yaxın göstərib, istər pandemiyadan əvvəl, istər hazırda görülən işlərin, istərsə də postpandemiya dövrü üçün nəzərdə tutulan addımların əhəmiyyətini azaltmağa çalışan bu ünsürlər bir daha xarici dairələrin göstərişləri əsasında hərəkət etdiklərini, dövlətin, xalqın maraqlarını arxa plana keçirdiklərini nümayiş etdirirlər. Ermənistana dəstək olan, ölkədə əhalinin sosial vəziyyətinə təsir etmək imkanında olan hansısa hadisəni sevinclə qeyd edən belələrinin xalqın adından danışmağa haqqı yoxdur.
Müsahibəsində Dağlıq Qarabağ probleminin hazırki vəziyyətəndən də danışan dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcəyini bir daha bəyan etdi. Cənab Prezident həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini tənqid edib, işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarına heç bir mövqe bildirmədiklərini söyləyib. Ümumiyyətlə, bu məsələ ilə bağlı cənab Prezident çox mühüm bəyanatlar verdi və qeyd etdi ki, belə davam edərsə mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verməsi bu ölkənin iç üzünü və mahiyyətini bir daha açdı. Əslində pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı. Bu qərəzli yanaşmanın kökündə bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür.
Bu təşəbbüsü irəli sürməkdə Azərbaycanın məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaq idi. Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olmuş, ancaq 130-dan çox ölkənin səsi əldə edilmişdi. Bu, Azərbaycana verilən böyük beynəlxalq dəstəkdir, ölkəmizə olan inam və etimadın göstəricisidir.

Keçidlər