Şriftin ölçüsü :

Saytın rəngi :

Qarşıdakı dövrdə atılacaq bütün addımlar həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizə yeni imkanlar qazandıracaq

09 avqust 2020 | 16:00

Avqustun 6-da Prezident İlham Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərlə və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə COVID-19-la mübarizə tədbirləri nəticəsində əldə edilən müsbət dinamikadan söz açdı və bildirdi ki, ölkədə vəziyyət tam nəzarət altındadır.
Bu gün ölkədə qlobal pandemiyaya qarşı həyata keçirilən tədbirlər, əldə edilən müsbət dinamika onu deməyə əsas verir ki, Azərbaycan COVID-19-la mübarizədə uğurlu nəticələr əldə edir. Həm virusa yoluxma sayının getdikcə azalması, sağalanların sayının artması bunu təsdiqləyən reallıqdır.
Son altı ayda qlobal böhran səbəbindən ölkə iqtisadiyyatının 2,7 faizlik tənəzzülü onu göstərir ki, dövlət iqtisadiyyatı deyil, insan sağlamlığının qorunmasını bir nömrəli vəzifə hesab edərək bu istiqamətdə çox önəmli addımlar atıb. Məhz pandemiya ilə mübarizə dövründə ölkədə heç bir sosial layihənin təxirə salınmaması, vətəndaşın sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli qərarların qəbul edilməsi onu göstərir ki, Azərbaycan istənilən böhranla mübarizəyə hazırdı.
Cənab İlham Əliyevin pandemiya ilə mübarizə istiqamətində gördüyü işlərə, verdiyi qərarlara nəzər yetirsək görərik ki, Azərbaycan həqiqətən də bir çox ölkələrə nümunədir. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Son 3 ay ərzində ölkədə 9 modul tipli xəstəxana yaradılıb. Qısa müddət ərzində laboratoriyaların sayı 5 dəfə artırılaraq 31-ə çatdırılıb. Yaxın gələcəkdə laboratoriyaların sayı 45-ə, modul tipli xəstəxanaların sayı isə bütövlükdə 16-ya çatdırılacaq. Bu da onu deməyə əsas verir ki, təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək.
Müşavirədə Prezident İlham Əliyev vurğuladı ki, qlobal böhran dövründə xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlətin qüdrətinin göstəricisidir. Məhz pandemiya dövründə dövlətin 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etməsi, dövlət sektorunda çalışan və hazırda işsiz olan 900 min insanın əməkhaqqı ilə təmin edilməsi, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilməsi, 600 min insana hər ay 190 manatın ödənilməsi bunun real təsdiqidir.
Cənab Prezident müşavirə zamanı göstəriş verdi ki, 190 manat müavinət alan şəsxlər avqust ayında da bu ödəmələrlə təmin edilməlidirlər: "Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”.
Neftin qiymətinin aşağı düşməsi ölkənin gəlirlərinə ciddi təsir göstərsə də, dövlət heç bir sosial layihəni ixtisara salmır. Məsələn, bu il məcburi köçkün və şəhid ailələrinə tikilən mənzillərin sayına nəzər yetirsək görərik ki, başqa dövrlə müqayisədə bu il rekord sayda mənzillər tikilib. Cari ildə bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə dövlət tərəfindən mənzillərlə təmin ediləcək.
Müşavirə zamanı pandemiya dövründə görüləcək işlərlə bağlı göstəriş və tapşırıqlarını verən Cənab Prezident qarşıya mühüm vəzifələr də qoydu. Dövlət başçısı vurğuladı ki, ilin sonuna qədər görüləcək işlər, xüsusilə sahibkarlıqla bağlı olan işlər, eyni zamanda dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməli, itkiləri azaltmalıdır. Əsas məsələ isə insanların sağlamlığı, onların sosial vəziyyəti və ölkənin iqtisadi dayanıqlılığıdır. Sahibkarlara dövlət dəstəyinin bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ciddi addımların atılması labüddür. Eyni zamanda özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Sahibkarlar vaxtı ilə paytaxtda mövcud olan, lakin hazırda fəaliyyət göstərməyən müəssisələrin ərazilərində abadlaşdırma işləri apardıqdan sonra orada ictimai zonalar yaradıb yeni binalar inşa edə bilərlər. Bu da yeni iş yerlərinin açılmasını şərtləndirər və biznesin canlandırılmasına səbəb olar. Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyevin möhkəm təməl üzərində qurulan iqtisadi strategiyası ölkənin istənilən çətin durumdan xilasını şərtləndirən yol xəritəsidir. Görülən effektiv qabaqlayıcı tədbirlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan bu böhrandan da az itkilərlə çıxacaq. Son müşavirədə dövlət başçısı da vurğuladı ki, şəffaflıq, dürüstlük, ölkədə biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya dövründə, həm də postpandemiya dövründə Azərbaycana yeni imkanlar qazandıracaq.

Keçidlər