Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan: “Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”

05 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə vermişdir. Prezident İlham Əliyevin son bir ay ərzində dünyanın aparıcı televiziya kanallarına, qəzetlərinə və agentliklərinə verdiyi müsahibələr həm Ermənistanın hərbi-siyasi rəhbərliyinin, həm də işğalçı ölkənin havadarlarının iç üzünü açmışdır. Artıq bir aydan çoxdur ki, Ermənistan ölkəmizə qarşı müharibəni davam etdirir. Bu müddət ərzində üç dəfə ağ bayraq qaldırıb danışıqlara razılıq versə də, dərhal atəşkəsi pozub və cəbhə bölgəsindən xeyli uzaqda yerləşən, münaqişə zonasına heç bir adiyyatı olmayan ərazilərimizi, xüsusilə də dinc əhalini hədəfə almışdır. Faşizm ənənələrinə sadiqliyini nümayiş etdirən Ermənistan rəhbərliyi hətta körpələrə qarşı da amansız olmuşdur. Bu barədə artıq dünya ictimaiyyəti də tam məlumatlıdır. Son bir ay ərzində dünyanın 26-dan çox aparıcı kütləvi informasiya vasitələrinə müsahibə verən Prezident İlham Əliyev sentyabrın 27-dən indiyədək baş verənlər, müharibənin ilk olaraq Ermənistan tərəfindən başlanıldığı, mülki əhalini qətlə yetirməsi, Azərbaycan Ordusunun öz torpağında vuruşması barədə ətraflı məlumat vermişdir. Bundan əvvəl münaqişənin nizamlanmasında irəliləyiş olması üçün vasitəçilər Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini 27 il ərzində yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etməmişdilər. Eyni zamanda ötən müddət ərzində “Amnesty International”, “Human Rights Watch” kimi bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırmalılarını gördük. Cənab Prezidentin sözügedən təşkilatları Azərbaycana dəvət etməsindən sonra onlar düşmən tərəfindən mülki əhaliyə atəş tutulan yerə gəlmişdilər. Halbuki, onlar müharibə başlayan zamandan uzun müddət Azərbaycana səfər etmək istəməmələri, həmin təşkilatların tutduğu mövqe dövlətimizə qarşı ikili standartın olduğunu göstərir.
Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olmuş və baza prinsiplərinə uyğun işğal olunmuş torpaqlarımızın geri qaytarılmasının tərəfdarı olmuşdur. Qarabağ əzəli və daimi Azərbaycan torpağı və beynəlxalq səviyyədə tanınan ərazimizdir. Tarixi faktlar əsaslanaraq söyləmək olar ki, Dağlıq Qarabağda və ətraf rayonda Azərbaycan xalqı yaşamış və yaratmışdır. Ermənilər Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülüblər. Lakin, mənfur düşmən sonradan o ərazilərdə yerləşərək münaqişə yaratmış, 750 min azərbaycanlını evlərindən məhrum etmiş və torpaqlarımızı işğal etmişdir. Buna görədə Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi: “Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
Ümumiyyətlə, Ali Baş Komandan nəinki döyüş əməliyyatları zamanı əldə olunan uğurlara rəhbərlik edir, o, həm də bütün siyasi və diplomatik təzyiqlərə sinə gərərək, ölkəmizin maraqlarını informasiya savaşında da ən yüksək səviyyədə qoruyur. Prezident İlham Əliyev qərəzli, işğalçı ölkənin müdafiəsinə yönəldilmiş sualların hər birinə səbr və təmkinlə, arqumentlərlə və tarixi faktlara əsaslanaraq cavab verir. Ona görə də qabaqcadan hazırlanmış “jurnalist”lər dövlətimizin başçısı qarşısında çıxılmaz vəziyyətə düşür. Ermənistan isə təzyiq və dezinformasiya dili ilə danışmaqda davam edir və obyektiv məlumatların yayılmasının qarşısını almağa çalışır. Halbuki, dünya ictimaiyyəti  münaqişə ilə bağlı ən obyektiv məlumatları elə Azərbaycan Prezidentinin özündən alır. Beləliklə, artıq erməni şəbəkəsinin gerçəkləri gizlətməsi, Azərbaycan haqqında yalan informasiyalar yayaraq beynəlxalq ictimai rəyi çaşdırmasının qarşısı qəti olaraq alınır. Erməni barbarlığını özündə əks etdirən faktların kütləvi və sistemli şəkildə beynəlxalq təşkilatlara təqdim edilərək lazımi reaksiyalar alınması cənab Prezident başda olmaqla Azərbaycanın diplomatik uğurudur. Bu gün cənab Prezident, həm orduda, həm diplomatik masada, həm də informasiya məkanında savaşır və əsil Ali Baş Komandan funksiyasının nə demək olduğunu bütün dünyaya nümayiş etdirir.

Keçidlər