Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

19 yanvar 2021 | 16:00

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə səfər ediblər. Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl Ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zaman gəldiyini diqqətə çatdıraraq bildirdi ki, rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Əcdadlarımızdan bizə miras qalmış əziz, müqəddəs və qədim Şuşa şəhərinin 28 il, 6 aydan sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir. Heç kəsə sirr deyil ki, bu gün Şuşa əməliyyatı haqqında aparıcı beynəlxalq hərbi məktəblər maraqlanır, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Vətən müharibəsi çərçivəsində Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi.
Azərbaycan xalqına bu tarixi Zəfəri qazandıran əsgərlərimiz ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir. Vaxtilə ümummilli lider Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyirdi. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan təbliğatı geniş miqyas almağa başladı. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi. Ancaq ümummilli lider Heydər Əliyevin ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi bunların olmasına imkan vermədi. Həmçinin Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Lakin ümummilli lider Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən istefa verəndən sonra Azərbaycana təzyiqlər daha da çoxaldı. Onun vəzifədən getməsindən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycan Respublikasından ayırmaq və Ermənistana birləşdirmək planlarını açıq şəkildə büruzə verdilər. Bundan sonra, Şuşa 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Ermənistan tərəfindən işğal edildi. Amma 28 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun şücaəti ilə işğaldan azad olundu. Bununla da Xalq Cəbhəsi-Müsavat cütlüyünün, antimilli ünsürlərin xalqımızın, dövlətimizin adına gətirdikləri ləkə təmizləndi.
Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı tərəfindən Şuşanın işğaldan azad edildiyi ilk gündən bu tarixi şəhərimizin dirçəldilməsi üçün əməli fəaliyyətə başlanıldı. Azərbaycan xalqı bunu Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyduğu, mədəniyyət paytaxtı Şuşa şəhərində olduğu zaman bir daha şahidi oldu. Həmçinin, Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Şuşa əsrlərboyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada büstləri olmuşdur. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev bildirmişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.
Beləliklə, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin Şuşaya səfəri istər siyasi, istərsə də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu bütün dünyaya, o cümlədən torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamış ermənilərə mühüm mesajdır. Azərbaycan xalqı 44 gündə “dəmir yumruq” hesabına qazandığımız Qələbə sayəsində doğma, tarixi torpaqlarımıza qayıdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs vahid amal uğrunda “dəmir yumruq” kimi birləşdi. Bundan sonra da Azərbaycan xalqı qalib dövlətin təmsilçisi kimi heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən müzəffər Liderin ətrafında daha da sıx birləşəcəkdir.

Keçidlər