Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə şəhid Nicat Şükürlünün büstünün açılış mərasimi keçirilib

10 iyun 2021 | 16:00

İyunun 10-da Bayıl yaşayış sahəsi, A.Nəsirov küçəsi 5 ünvanında yerləşən Rəfael Hüseynov adına 49 nömrəli məktəb-liseydə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına şəhid olan Nicat Şükürlünün büstünün açılış mərasimi keçirilib. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, millət vəkili Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Rövşən Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailəsi, şəhidin əsgər yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə, Vətən müharibəsində həlak olmuş şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və şəhidin büstü önünə gül dəstələri qoyulmuşdur.
Tədbir zamanı qeyd olunmuşdur ki, şəhid Şükürlü Nicat Ayaz oğlu Səbail rayonunda doğulub, 1998-2009-cu illər ərzində 49 saylı məktəb-liseydə, 2014-2019-cu illərdə Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsində ali təhsil alıb, döyüşlərə 29 yaşında qatılan şəhid subay idi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Nicat Şükürlü Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 12-də şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. O, Badamdar qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Tədbirdə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini nümayiş etdirdi, şəhidlərimizin qanı yerdə qalmamışdır”. Ölkə başçısının şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün örnək, nümunə olduğunu diqqətə çatdıran RİH başçısı onlara göstərilən diqqətin, qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirmişdir.
Tədbirdə zamanı çıxış edən rayon ictimaiyyətinin nümayəndələri ölkəmizdə, o cümlədən Səbail rayonunda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksəkdə dayandığını vurğulamışlar. Şəhidlərimizə xüsusi diqqət ayırılır, onların ailə üzvlərinə daim qayğı ilə yanaşılır. Qeyd edilmişdir ki, qəhrəman şəhidlərimizin məzarüstü abidələrinin inşa olunması və şəhidlərin xatirəsinə ucaldılmış abidənin ətrafının abadlaşdırılması bu dediklərimizin əyani sübutudur. Badamdar qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 17 şəhidin adı əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.
Tədbirdə çıxış edən şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, üzləşdikləri çətinliklərin qısa zaman kəsiyində aradan qaldırılması və sosial təminatının yaxşılaşdırılması istiqamətində yüksək işlər görüldüyünü qeyd etmiş, göstərilən diqqətə və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər