Şriftin ölçüsü :

Saytın rəngi :

Idman


Rayon ərazisində 2 idman kompleksi (Əl Oyunları stadionu və Su İdmani sarayı),  İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər Məktəbi, 1 Olimpiya ehtiyatları Uşaq-Gənclər İdman-Gimnastika məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi (Səbail korpusu)
İdman və s. yarışların keçirilməsi üçün həmin idman müəssisələrinin, eləcə də orta və ali məktəblərin idman qurğuları və bazalarından geniş istifadə olunur.
2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Olimpiya Oyunları ilə əlaqədar Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bayıl yaşayış sahəsində  Bakıda Su İdmanı Sarayı, Velopark, Avropa Oyunları Parkı tikilib, Neftçilər prospektindəki Bakı İdman Oyunları (Əl Oyunları) stadionunda əsaslı təmir aparılıb.
Həmçinin Badamdar qəsəbəsində ümumi sahəsi 2400 kv. metr olan, 2 mərtəbəli yeni İdman Kompleksi tikilir.
Su İdmanı Sarayı – 20 aprel 2015-ci ildə açılışı olmuşdur. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Su İdmanı Sarayında üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha Pools” şirkəti tərəfindən yaradılıb. Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub. Su İdmanı Sarayında 150 yerlik restoran yaradılmış, 500 avtomobil yerlik yerüstü dayanacaq tikilmiş, binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51, eni 20 metrdir. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir.
Velopark – 13 may 2015-ci ildə açılışı olmuşdur. Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunub. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş verib. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilib. Ötən müddətdə Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onun da sahəsi 6700 kvadratmetrdir. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılıb. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb.
Bakı İdman Sarayı - əsaslı təmirdən sonra 2015-ci il aprelin 20-də açılışı olmuşdur. Müasir tələblərə uyğun yenidən qurulan binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılıb. Bakı İdman Sarayı əsas idman zalı və texniki binadan ibarətdir. Burada ümumilikdə, 32 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılıb. Üç mərtəbəli binada təmir işləri ən yüksək səviyyədə, beynəlxalq tələblər nəzərə alınaraq görülüb. Birinci Avropa Oyunları zamanı bu qurğuda idmanın badminton və stolüstü tennis növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Təmirdən əvvəl tamaşaçı oturacaqların sayı 1100 idisə, indi bu rəqəm 1736-ya çatdırılıb. Tamaşaçı oturacağı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tamaşaçı tribunası inşa edilib. Binada, həmçinin hakimlər, mətbuat nümayəndələri və VİP qonaqlar üçün də xüsusi otaqlar yaradılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi ağıllı idarəetmə sistemli, hava axınını horizontal istiqamətdə bərabər şəkildə paylayan havalandırma sistemi qurulub. İdman sarayında dopinq yoxlama otağı, tamaşaçılar, idmançılar və mətbuat nümayəndələri üçün kafelər və digər zəruri bölmələr yaradılıb. Bundan başqa, burada “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin əməkdaşlarının iş və istirahət otaqları, iclas və toplantı zalları da var. İdman qurğusundakı püşkatma zalı, idarə heyətinin iş, müsahibə, VİP qonaqların gözləmə və yarışları izləmə, beynəlxalq federasiya nümayəndələrinin işçi, səs sistemlərinin idarə edilməsi və yarışların əlaqələndirilməsi otaqları da ən müasir səviyyədədir. Binanın daxilində 6 lift şaxtası inşa edilib və müasir liftlər quraşdırılıb. Bununla da, fiziki imkanları məhdud olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Bina transformator yarımstansiyası, generator və qazanxana ilə də təchiz edilib. Sarayın qaz, su, kanalizasiya, elektrik, rabitə və fiberoptik internet xətləri yenilənib.
Avropa Oyunları Parkı – 2015-ci il may ayının 13-də açılışı olmuşdur. Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektar, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.
Avropa Oyunları Parkında yerləşən su polosu yarışları kompleksindəki funksional otaqlar ən yüksək standartlar səviyyəsindədir. Burada iclas və məlumat otaqları, kafe və VIP sahələr də istifadəyə verilib. Kompleksdə beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan iki üzgüçülük hovuzu inşa edilib. Burada tənzimləyici su hovuzu da yaradılıb.
Avropa Oyunları Parkının basketbol yarışları kompleksi də beynəlxalq tələblər nəzərə alınaraq qurulub. Burada hər biri üç nəfərdən ibarət komandaların idmanın bu növü ilə məşğul olmaları üçün əlverişli şərait var. Final yarışları üçün nəzərdə tutulan, eni 11, uzunluğu 15 metr olan meydançada 2008 nəfərlik tribuna quraşdırılıb.
Parkın çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksində idmanın bu növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə yarışlar üçün 2931 tamaşaçı tutumu olan meydança, hər biri 302 tamaşaçı yerinə malik üç adi və iki məşq meydançası tikilmişdir.
Avropa Oyunları Parkının bütün komplekslərində quraşdırılan idman qurğuları dünyanın tanınmış şirkətlərinin məhsullarıdır. Belə avadanlıq dünyada məşhur idman arenalarında istifadə olunur. Bu idman qurğusunda avtodayanacaq, qeydiyyat, mətbuat, yayım və çəkiliş qurğuları, digər xidmət sahələri mövcuddur.
Bakı Kristal Zalı –2012-ci il 16 aprel tarixində açılışı olmuşdur. 5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb. "Bakı Kristal Zalı"nın səhnəsində 1.300 m-dən artıq sahəsi olan işıq-diod ekranlar "elektron pəncərə"lər formasında yerləşdirilib. Bundan əlavə, şounu ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsi ilə 25 HD kamera quraşdırılıb.
ASCO Arena — 2012-ci ilin sentyabr ayında açılışı olmuşdur. Tutumu 5 000 tamaşaçı olan stadionun keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılmışdır. Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunmuşdur. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunlarını bu stadionda keçirir.
İdman və istirahət parkı – 2017-ci il 28 oktyabr tarixində açılışı olmuşdur. Park 20-ci yaşayış sahəsində yerləşən Su İdmanı Sarayı ilə üzbəüz 1,7 hektarlıq ərazidə salınmışdır. Parkda 900 kvadratmetr sahədə iki basketbol, habelə həndbol və mini futbol meydançaları quraşdırılmışdır. Bundan başqa, açıq havada məşq etmək üçün müxtəlif idman trenajorları qoyulub. Ekstremal idman növlərinə həvəs göstərən uşaq və yeniyetmələrin marağı da nəzərə alınıb. Onlar üçün 450 kvadratmetr sahədə ikihissəli - həm böyüklər, həm də balacalar üçün skeytbordinq meydançası düzəldilib. Parkın digər hissəsində stolüstü tennis, uşaq əyləncə qurğuları, yelləncəklər quraşdırılıb. İdman və istirahət parkı xüsusi işıqlandırma sistemi ilə təchiz edilib.

Keçidlər