Şriftin ölçüsü :

Saytın rəngi :

II Fəxri Xiyabanda dəfn edilmiş şəhid İlkin Əhədzadənin doğum günü münasibətilə məzarı ziyarət edildi

26 iyun 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhəhzadə İlkin Qələmşah oğludur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş İlkin Əhəhzadənin bu gün doğum günüdür.
İyunun 26-da Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən Əhəhzadə İlkin Qələmşah oğlunun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 2-ci Fəxri Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzarını ziyarət etmiş, məzarın önünə gül dəstələri qoymuşdur.
Şəhid Əhəhzadə İlkin Qələmşah oğlu 26 iyun 1985-ci ildə Səbail rayonunda doğulmuş, 1992-2000-ci illər ərzində 51 saylı tam orta məktəbdə, 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil almışdır. İlkin Əhədzadə nümunəvi xidmətinə görə bir çox medallarla, o cümlədən III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Vətən müharibəsi zamanı 35 yaşında döyüşlərə qatılan şəhid ailəli və 3 övlad atası idi. Müharibənin ilk günlərindən döyüşə atılan Əhəhzadə İlkin Qələmşah oğlu Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 1-də şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər