Səbail rayonunda şəhid Vüsal Həsənovun doğum günü münasibətilə şəhidin ailəsi ziyarət olunub
Bu gün Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunmuş Həsənov Vüsal Ariz oğlunun doğum günüdür. Şəhidin doğum günü münasibətilə iyunun 3-də RİHB-nın müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, Badamdar bələdiyyəsin sədri və rayon ictimaiyətinin nümayəndələri tərəfindən şəhidin ailəsi ziyarət olunmuşdur.
Görüş zamanı qeyd olunmuşdur ki, Azərbaycanın dövlət siyasətində prioritet məsələlərdən sayılan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daima məqsədyönlü səciyyə daşıyır. Dövlət quruculuğunda bu istiqamətdə atılan addımlar öz bəhrəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin çox həssaslıqla yanaşdığı əsas məsələlərdən biri şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə dövlət qayğısının göstərilməsi olmuşdur. Bu gün Prezident cənab İlham Əliyev tərəfindən dövlət quruculuğunda sosial siyasət məsələsi uğurla həyata keçirilir. Azərbaycanda müharibə veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi daima gücləndirilir, onların problemləri qısa müddətdə öz həllini tapır. Ölkə başçısı tərəfindən mütəmadi olaraq müharibə veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial vəziyyətinin yüksəldilməsi məqsədilə fərman və sərəncamlar imzalanır. Respublikamızda hazırda bu istiqamətdə görülən işlər cəmiyyət tərəfindən təqdirəlayiq hal kimi qarşılanır.
Şəhidin ailə üzvləri Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini qeyd edərək, dövlət tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqətin və verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunə olduğunu bildirmişlər.