Səbail rayon ictimaiyyəti növbəti qanvermə aksiyasına qoşulub
İyulun 14-də karantin rejiminin tələblərinə əməl etməklə Səbail Rayon İcra Hakimiyyəti, onun struktur bölmələri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də rayon sakinləri qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında (Mərkəzi Qan Bankı) keçirilən qanvermə aksiyasına qoşularaq növbəti dəfə qan veriblər.
Məlumat üçün qeyd edirik ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci il fevral ayının 8-dən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.