Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi

17 iyul 2021 | 16:00

İyulun 16-da Qurban bayramı ərəfəsində Səbail rayonu, Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər tərəfindən ziyarət olunmuşdur.
Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin məzarları və onların xatirəsinə quraşdırılan abidə lövhəsinin önünə gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunmuşdur.  
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda  şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, qazilərə göstərilən dövlət qayğısı ilbəil artır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə bir çox fərman və sərəncamlar imzalanıb. Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri, eyni zamanda öz sağlamlığını itirmiş, yaralanmış qazilərimiz bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunurlar. Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir”.
Şəhidlərin  ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə Ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, Dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Keçidlər