27 sentyabr ölkəmizdə Anım günüdür
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid olub, 7 nəfər itkin düşmüş sayılır. Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiram və qürurla anır, xatirələrini uca tuturuq.
#QarabağAzərbaycandır #AnımGünü #QürurGünü