27 sentyabr - Anım Günü ilə bağlı Badamdar qəsəbəsində “Şəhidlər abidəsi” ziyarət edilmişdir
27 sentyabr - Anım Günü ilə bağlı Səbail rayonunda aparılan silsilə tədbirlər çərçivəsində Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuşdur. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Vətən uğrunda canlarından keçən 1-ci və 2-ci Qarabağ şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra şəhidlərin ruhlarına dualar oxunmuş və onlara ehtiram əlaməti olaraq “Şəhidlər abidəsi”nin önünə güllər düzülmüşdür.
Tədbir zamanı 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfərin gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacağını bildirən RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Məhz keçən il Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız azad edilərək, dövrümüzün rəşadət, igidlik və şücaət salnaməsinə çevrilmişdir. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Ölkə rəhbərinin qətiyyəti, əyilməz siyasi iradəsi və barışmaz mövqeyi ilə bütün dünya bir daha Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, dövlətimizin gücünün və ordumuzun məğlubedilməzliyinin şahidi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizləndi və Vətən müharibəsi qələbə ilə başa çatdı. İllər, əsrlər keçəcək xalqımıza başucalığı gətirmiş tarixi qələbəmizin tükənməyən sevinci gələcək nəsillər üçün də qürur mənbəyi olacaqdır. Bu zəfəri şanlı tariximizə qanları ilə yazan şəhid və qazilərimiz daim minnətdarlıqla xatırlanaraq, ölməzlik rəmzi kimi həyat durduqca yaşayacaqlar!”.