Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynov İsmayıl Şahvələd oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

09 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Hüseynov İsmayıl Şahvələd oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan İsmayıl Hüseynov oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Oktyabrın 9-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri,  RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Hüseynov İsmayıl Şahvələd oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Vətən Müharibəsi şəhidi İsmayıl Hüseynovun məzarı önündə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov öncə şəhidin ailə üzvlərinə başsağlığı vermiş, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə qayğı ilə yanaşılmasının bütün cəmiyyətimizin borcu olduğunu qeyd etmişdir. Eyni zamanda, RİH başçısı Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailələrinin, döyüşlərdə yaralananların və müharibə iştirakçılarının daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq onlarla görüşlər keçirildiyini, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.
Şəhidin anası Sona Hüseynova şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər