Səbail rayonunda gənclər üçün tədbir keçirilmişdir
YAP Səbail rayon təşkilatının təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin mərkəzindəki «Fəvvarələr Meydanı»nda yerləşən «Nərgiz» Ticarət Mərkəzindəki «Dalida» restoranında gənclər üçün tədbir keçirilmişdir. Tədbirdə rayondakı ali, orta ixtisas müəssisələrinin tələbələri, sənaye, mədəniyyət, elm və təhsil sahəsində çalışan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və digər sahələri təmsil edən gənclərin nümayəndələri iştirak etmişlər. Tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov oktyabr ayının 9-da ölkəmizdə keçirilən Prezident seçkilərində ölkə başçısı möhtərəm İlham Heydər oğlu Əliyevin inamlı qələbə qazanması ilə əlaqədar gəncləri təbrik etmiş, onların adından yekdilliklə dəstəklədikləri və səs verdikləri Prezident İlham Əliyevə xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə Ali dövlətçilik fəaliyyətində uğurlar arzulamışdır. YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son on il ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmaqdadır. Ölkənin inkişaf və tərəqqisinə səbəb olan bu işlər göz qabağındadır. Oktyabr ayının 9-da keçirilən Prezident seçkilərində xalqımız öz seçimini edərək İlham Heydər oğlu Əliyevi yenidən ölkə Prezidenti seçmişdir. Bu da Prezidentimizə olan inam və etibarın təzahürüdür. Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq quruculuq işləri, sosial yönümlü tədbirlərin həyata keçirilməsi sayəsində Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının nəticəsi kimi bir çox gənclərimiz dövlət hesabına xaricdə təhsil alır. Onların aldığı bilik və əldə etdikləri təcrübə Azərbaycanımızın gələcək inkişafına yönəldiləcək, bu da ölkəmizi daha da gücləndirəcəkdir. Ölkədə gənclərlə bağlı qəbul olunan qərar və sərəncamlar gənclərin cəmiyyətdə öz yerlərini tutmağa köməklik göstərir. Hər il minlərlə yeni-yeni iş yerləri yaradılır, gənclərin yeni peşə və ixtisaslara yiyələnməsi üçün tədbirlər görülür. İdman, elm və mədəniyyət sahələrinə dövlət qayğısı artırılır. Qeyd olunmuşdur ki, səbailli gənclər hər zaman ölkədə gedən prosseslərdə ön sıralarda olmuşlar. Onlar öz fəallıqlarını Prezident seçkiləri zamanı göstərmiş və öz səslərini layiqli namizədləri olan İlham Heydər oğlu Əliyevə vermişlər. Natiq gənclərə biliklərini artırmağa, ölkəmiz üçün layiqli vətəndaş olmağı tövsiyə etdi və dövlətin hər zaman gənclərə dəstək olacağını bildirdi. Respublikamızın populyar gənc incəsənət xadimlərinin çıxışları, gənclərin şən rəqsləri tədbiri daha maraqlı və yaddaqalan etmişdir.