Qurbanov Murad Asif oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Murad Qurbanov oktyabrın 11-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Oktyabrın 14-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Qurbanov Murad Asif oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov öncə şəhidin ailə üzvlərinə başsağlığı vermiş, belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirmiş, ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını qeyd edərək bildirmişdir ki: “44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi və 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq”.
Şəhidin anası Mehriban Qurbanova şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığını bildirmişdir.