Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin barelyefi və büstünün açılış mərasimi keçirilib

20 oktyabr 2021 | 16:00

Oktyabrın 20-də Səbail rayonu 163 nömrəli tam orta məktəbdə Vətən müharibəsində şəhid olmuş Məmmədli Cəmil Habil oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyəti və Səbail rayonu 163 nömrəli tam orta məktəb tərəfindən hazırlanan barelyefin və büstün açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini Hüseyn Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmış, daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş, şəhidin barelyefi və büstü önünə gül dəstələri düzülmüşdür.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir və  qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyinə çevrildi, fəxarətimiz oldu. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qisasını aldı. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı ölkəmizdə daim diqqət mərkəzindədir. Aparılan bu ardıcıl və sistemli tədbirlər dövlətin diqqət və qayğısını daim hiss edən şəhid ailələri, əlillər və müharibə veteranları tərəfindən də yüksək qiymətləndirilir”.
Şəhidin valideynləri şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəbin fəal şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.
Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədli Cəmil Habil oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.

Keçidlər