Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahimli Cavidan Nizami oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

25 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan İbrahimli Cavidan Nizami oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan İbrahimli oktyabrın 24-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Oktyabrın 25-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid İbrahimli Cavidan Nizami oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra şəhid Cavidan İbrahimlinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail rayonu 236 nömrəli tam orta məktəbində və Səbail rayonu, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsində şəhidin ailə üzvlərinin yaşadığı evin qarşısında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyeflərin açılış mərasimi keçirilmişdir.
Tədbir 236 nömrəli tam orta məktəbin şagirdlərinin ədəbi-bədii kompozisiya ilə başlanmışdır.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir və  qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyinə çevrildi, fəxarətimiz oldu. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qisasını aldı. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı ölkəmizdə daim diqqət mərkəzindədir”.
Şəhidin valideynləri şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər