Budaqov Yusif Ramiq oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Budaqov Yusif Ramiq oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Aprel döyüşlərində iştirak edən Yusif Budaqov Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılmış və oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Oktyabrın 27-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Budaqov Yusif Ramiq oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra şəhid Yusif Budaqovun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail rayonu, M.Hüseyn küçəsində şəhidin ailə üzvlərinin yaşadığı evin qarşısında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyefin açılış mərasimi keçirilmişdir.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir və qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyinə çevrildi. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qisasını aldı. Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına çevrilir. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinmir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev şəhidlərin xatirəsini həmişə əziz tutar, şəhid ailələrinə xüsusi önəm verərdi və inanırdı ki, Azərbaycan əsgəri şəhidlərin qanını yerdə qoymayacaq, Azərbaycan torpaqlarını şərəflə müdafiə edəcək, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəməyəcəkdir. Şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərmək ənənəsi bu gün də uğurla davam etdirilir. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı ölkəmizdə daim diqqət mərkəzindədir”.
Şəhidin anası Lətafət Budaqova şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığını bildirmişdir.