Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Vüsal Teymurovun barelyefinin açılış mərasimi keçirilib

02 noyabr 2021 | 16:00

Noyabrın 2-də Vətən müharibəsi şəhidi Teymurov Vüsal Zakir oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyefin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilmsi ilə başlanmış, daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş, şəhidin barelyefi önünə gül dəstələri düzülmüşdür.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm Qələbə qazanmasında şəhidlərimizin müstəsna rolu olmuşdur. Qəhrəman şəhid övladlarının canı, qanı bahasına, eləcə də, igid, cəsur əsgər və zabitlərinin cəsarəti, mərdliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir. Öz adlarını xalqımızın tarixinə əbədi yazan Vətən müharibəsinin şəhidlərinin xatirəsi həmişə bizim üçün əzizdir, ucadır, yüksəkdir. Torpaqlarımızın qorunması və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin keçdiyi döyüş yolu gənc nəsillərə örnəkdir və bundan sonrada örnək olacaqdır. Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bu xidmətləri daim yüksək qiymətləndirir, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin daim diqqətdə saxlanılması, müharibədə sağlamlığını itirən qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli üçün mühüm tədbirlərin həyata keçirilməsini nəzarətdə saxlayır”.
Tədbirdə çıxış edən millət vəkili Nigar Arpadarai ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidin valideynləri övladlarının xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişlər.
Sonda 239 saylı tam orta məktəbin fəal şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.
Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Teymurov Vüsal Zakir oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər