Səbail rayonunda Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
Noyabrın 3-də Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirilmişdir. Səbail rayonunda yaşamış və 44 günlük Vətən Müharibəsində canlarını qurban vermiş 15 Şəhidimizin xatirəsinə həsr olunan aksiyada Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə başlanan və tarixi Qələbə ilə sona çatan Vətən Müharibəsində canlarını qurban verən igidlərimizin xatirəsinin daim yaşayacağını, dövlətimizin Şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Daha sonra millət vəkili Nigar Arpadarai Şəhidlərimizin ruhuna böyük ehtiramını bildirərək, onların yaxınlarına başsağlığı və Allahdan səbr diləyərək, qazandığımız tarixi qələbədə ölkə rəhbərliyinin rolundan, xalqımızın bir nəfər kimi ölkə başçısının ətrafında birləşməsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb.
Tədbirin sonunda Heydər Əliyev parkında şəhidlərimizin əziz xatirəsinə ağaclar əkilmişdir.
Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi zamanı Səbail rayonu üzrə 15 nəfər şəhid olmuşdur.