Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

08 noyabr 2021 | 16:00

Noyabrın 8-də Zəfər Günü münasibətilə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuşdur. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.   
Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin xatirəsinə quraşdırılan abidə lövhəsi, daha sonra ölkəmizin müstəqilliyi və torpaqlarımızın azad olunması naminə qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur. 
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Bu tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin hələ yarım əsr öncədən başlayaraq  qurub-yaratdığı möhkəm təmələ əsaslanan  strateji planların yeni təntənəsi, məntiqi nəticəsidir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız bu tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. Müharibənin taleyini müəyyənləşdirən başda Müzəffər Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan Ordusunun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiram və qürurla anır, xatirələrini uca tuturuq”.
Daha sonra 8 noyabr – Zəfər Günü ilə bağlı Səbail rayonunda aparılan tədbirlər çərçivəsində Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuş, şəhidlərin ruhlarına dualar oxunmuş və onlara ehtiram əlaməti olaraq “Şəhidlər abidəsi”nin önünə gül dəstələri düzülmüşdür.
Tədbir zamanı əbədiyaşar Lider Heydər Əliyevin müqəddəs vəsiyyətini həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük liderliyinin, misilsiz dövləti fəaliyyətinin və xalqımızın  parlaq nailiyyətinin nəticəsi olan bu Qələbənin əsrlər sonra qazanılan, əsrlərboyu yaşayacaq tarixi reallıq olduğu vurğulanmış, bundan sonrakı dövrdə bölgədə artıq  sülh, sabitlik, inkişafın bərqərar olacağı qeyd olunmuşdur. Azərbaycan xalqına unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunmuşdur.

Keçidlər