Səbail rayonunda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilmişdir
Xalqımızın fəxr və qürür yeri olan Dövlət Bayrağı Meydanında Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Bayrağı gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Rayon rəhbərliyi, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin nümayəndələri, veteranlar və gənclər əvvəlcə müstəqilliyimizin əsas atributlarından olan üçrəngli Azərbaycan bayrağını qürur və sevinc hissləri ilə seyr etmişlər.
Bayram tədbirini açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı nın Birinсi müavini Xalidə Bayramova ilk növbədə toplaşanları əlamətdar bayram münasibəti ilə təbrik etmişdir. Qeyd etmişdir ki, tədbirin keçirilmə yeri də təsadüfi seçilməmişdir. Məhz Səbail rayonu ərazisində yerləşən Dövlət Bayrağı Meydanı bu gün xalqımızın qürür yeridir, şəhərimizə və eləcə də rayonumuza xüsusi yaraşıq və gözəllik verir.
Natiq Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının yaranması tarixindən danışıb. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılmışdır. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanmışdır. Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan X.Bayramova bildirmişdir ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.
Tarix sübut etdi ki, 1918-ci ildə yüksələn bayraq xalqımızın tarixi yaddaşında, hər birimizin canında və ruhunda əbədi ucaldılıb. Xalqımızın öz torpağına, dövlətçiliyinə və tarixinə sonsuz sevgisindən bəhrələnib yaranan üçrəngli bayrağımız 70 ildən sonra yenidən göylərə yüksəldi, başımızın üstündə daha əzəmətlə dalğalandı.
Rayonun orta məktəb şagirdləri, gənclər Vətənə, müstəqilliyə həsr olunmuş şer və mahnılarla iştirakçıları qarşısında çıxış etmişlər.
Sonra iştirakçılar Dövlət Bayrağı Muzeyində olmuş, burada yaradılmış ekspozisiya ilə tanış olmuşlar.