Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Musiqili Teatrında Zəfər Gününə həsr olunmuş "Bir nəfəs qədər" pyesinin premyerası təqdim olunub

08 noyabr 2021 | 16:00

8 Noyabr - Zəfər Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qəhrəmanlıq salnaməmizi özündə əks etdirən Samir Qulamovun "Bir nəfəs qədər"  pyesinin premyerası olub. Səbail Rayon İcra Hakimiyyəti və Akademik Musiqili Teatrının birgə təşkil etdiyi bayram tədbirində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov xalqımızın bir il bundan öncəki böyük ve tarixi qələbəsindən danışıb, tədbirə toplaşan şəhid ailələrinə, qazi ve əsgərlərimizə  bu böyük Zəfərin həyatımızdakı misilsiz rolundan söz açıb. Bu qələbədə Müzəffər Ali Baş Komandanımızın, onun ətrafında dəmir yumruq kimi birləşən hər bir Azərbaycan vətəndaşının nə qədər böyük zəhmətinin olduğunu qeyd edib. Rayon ərazisində yaşayan  əsgər ve şəhid ailələrinə göstərilən qayğıdan söhbət açan RİH başçısı bu işlərin  bundan sonra da davamlı olaraq  görüləyəcəyini vurğulayıb.
Sonra isə Akademik Musiqili Teatrının aktyorlarının ifasında Samir Qulamovun "Bir nəfəs qədər" tamaşasının premyerası təqdim olunub. Əsərin ideya müəllifi ve bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşa qürur mənbəyimiz olan şəhidlərimizə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunub.
Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki azusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında ciyərparasının yoxluğu ilə barışmaq məcburiyyətində qalır.
SSRİ Xalq artisti Fikrət Əmirovun musuqisi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeyster Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülcahan Salamova, Əmrah Dadaşov, Gülnarə Abdullayeva, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Vüsal İsrafilov, Murad Əliyev, orkestr və balet artistləri iştirak edirlər.
Böyük ugurla keçən tamaşada əsərin yaradıcı heyəti coşqu ilə qarşılanıb, onlara gül – çiçək dəstələri təqdim olunub.

Keçidlər