Əliyev Fərid Pirəli oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Əliyev Fərid Pirəli oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Fərid Əliyev Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları tərəfindən şəhid Əliyev Fərid Pirəli oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Vətən müharibəsi şəhidi Fərid Əliyevin məzarı önündə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov öncə şəhidin ailə üzvlərinə başsağlığı vermiş, belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirmiş, ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını qeyd etmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığını bildirmişlər.