Səbail rayonunda şəhidlərin məzarları və məzarlarının ətrafı abadlaşdırıldı
Dekabrın 15-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkilləri Nigar Arpadarai və Aqil Abbas, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, Dostluq küçəsində yerləşən Badamdar qəbiristanlığında 1996-cı ildə şəhid olan Hüseynov Vasif Qadir oğlunun və 1999-cu ildə şəhid olan Rəcəbli Ruslan Aprel oğlunun məzarları ziyarət olunmuşdur.
Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin xatirəsi sonsuz ehtiramla anılmış, məzarları üzərinə gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunmuşdur.
Eyni zamanda 1993-cü ildə itkin düşmüş şəhid Həsənov Atabala Hüseyn oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanan barelyefin önünə gül dəstələri düzülmüşdür.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Bu gün ölkəmizdə şəhidlərimizə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Onların adı və xatirələri əbədiləşdirilir, şəhid ailələrinə dövlətimizin dəstəyi və yardımı getdikcə daha da artır. Bütün bu işlər, daim genişlənən sosial müdafiə proqramları ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısının təzahürüdür. Bu gün biz əminliklə deyə bilərik ki, şəhid ailələri dövlətimizin qayğısını hər an öz üzərlərində hiss edirlər. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu, həmişə belə olacaqdır”.
RİH başçısı Vuqar Zeynalov şəhidlərin məzarları ətrafında aparılan abadlıq işləri ilə tanış olmuşdur. Qeyd olunmuşdur ki, şəhidlərin xatirəsini əbədiləşdirən məzarüstü abidələr yenilənmiş, xiyabanın ərazisində olan çatışmazlıqlar aradan qaldırılmış, məzarların ətrafında abadlıq işləri görülmüş, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir.
Şəhidlərin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.