Səbail rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının növbəti tədbiri keçirilmişdir
Səbail rayonunda yerləşən T.Məmmədov adına 239 №-li tam orta məktəbin akt zalında “Narkomanlıq ümumi bəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir” mövzusunda tədbir kecirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri, Səbail RİH başçısının müavini Eldar Ağayev, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, RİHBA-nın məsul əməkdaşları, Bakı şəhəri Narkoloji Mərkəzin həkim narkoloqu Fizzə Baxışova, 239 №-li tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilmsi ilə başlanmış, daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xüsusi hazırlanmış narkomaniya adlı bəlanın bütün dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunmuşdur. Daha sonra Səbail Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov və Səbail RİH başçısının müavini Eldar Ağayev mövzu ilə bağlı geniş çıxış etmişlər, mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılmışdır.
Sonda tədbir iştirakçıları məktəbdə fəaliyyyət göstərən “Heydər Əliyev və tarixi həqiqətlər” və “Qarabag Azərbaycandır” lektoriyaları ilə tanış olmuşlar.