Şəhid Əli Nağıyevin doğum günü münasibətilə məzarı ziyarət olunub
Bu gün Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Nağıyev Əli Mehman oğlunun doğum günüdür.
Dekabrın 25-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Nağıyev Əli Mehman oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.
Eyni zamanda Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi və 1-ci Qarabağ müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov öncə şəhidin ailə üzvlərinə başsağlığı vermiş, belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirmiş, ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını qeyd edərək bildirmişdir ki: “44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi və 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq”.
Şəhid Əli Nağıyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuş, şəhidlərin ruhlarına dualar oxunmuş və onlara ehtiram əlaməti olaraq “Şəhidlər abidəsi”nin önünə gül dəstələri düzülmüşdür.