Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

24 fevral 2022 | 16:00

Xocalı faciəsinin 30-cu ildönümü respublikamızın hər yerində olduğu kimi Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri təşkil olunur.
Fevralın 24-də faciənin ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən məcburi köçkün düşərək Səbail rayonunda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul işçiləri və Xocalı şəhərindən məcburi köçkün düşərək Səbail rayonunda məskunlaşmış  ailələrin nümayəndələri iştirak etmişlər. Görüş Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səbail Rayon İcra Hakimiyətinin başçısı Vuqar Zeynalov çıxış edərək bildirmişdir ki: “Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bir çox dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. 2020-ci il Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı və “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı”.
Görüşdə çıxış edən xocalılılar onlara göstərilən yüksək diqqətə və qayğıya, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.

 

Keçidlər