Səbail məktəbliləri Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar Memorial Soyqırım muzeyini ziyarət edib
Fevralın 24-də M.Rahim adına 7 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım muzeyini ziyarət edib.
Əvvəlcə şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Memorial Soyqırımı Muzeyini ziyarət edən konfrans iştirakçılarına muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Şagirdlər muzeyin girişində asılmış rəsm əsərləri ilə tanış olublar. Həmçinin muzeylə tanışlıq zamanı tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi əks etdirən fotolar haqqında ətraflı məlumat verilib. Məktəblilər muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumatlar əldə etmişlər. Burada ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə ilə tanış olmuşlar.