Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Xalqımızın qan yaddaşı Xocalı soyqırımı” adlı anım tədbiri keçirilmişdir

26 fevral 2022 | 16:00

Fevralın 26-da C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində “Xalqımızın qan yaddaşı Xocalı soyqırımı” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları və 3 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagirdləri iştirak etmişlər.
Anım tədbirində ilk öncə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova bu qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu vurğulayaraq bildirmişdir ki: “Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. İlk dəfə 1994-cü il fevralın 24-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilib və bundan sonra hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” kimi qeyd olunur. Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti, gərgin səyləri nəticəsində dünyanın bir çox ölkələri Xocalı faciəsini xalqımıza qarşı törədilmiş soyqırım kimi qəbul ediblər. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir. Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımın beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılır”.
Daha sonra 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru Məhin Orucova Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək bildirmişdir ki: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız düşmən işğalından azad edildi, şəhidlərimizin qanı yerdə qalmadı. Lakin biz xalqımıza qarşı törədilən soyqırımları, faciələri heç zaman unutmamalıyıq. Tariximizin gələcək nəsillərə təhrifsiz çatdırılması üçün bu günləri daim yad etməli, xatırlamalıyıq”.
Sonda şagirdlər tərəfindən Xocalı soyqırımı mövzusunda hazırlanmış səhnəciklər nümayiş etdirilib, ədəbi-bədii kompozisiyalar və şeirlər səsləndirilib, həmçinin Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar videoçarx təqdim edilib.

Keçidlər