Səbail rayonunda "Davranışı idarəetmə və özünüqiymətləndirmə bacarığı" mövzusunda panel iclas keçirilmişdir
Martın 1-də Səbail Rayon İcra Hakimiyyətində RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən "Davranışı idarəetmə və özünüqiymətləndirmə bacarığı" mövzusunda səmərəli əməkdaşlıq çərçivəsində panel iclas keçirilmişdir. Panel iclasda RİH başçısının müavinləri Kəmalə Həşimova və Eldar Ağayev, Millət vəkili Nigar Arpadarai, Ailə,Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinin Uşaq Şöbəsinin müdir müavini Günel Nağdəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti yanında YYÇİ və HM üzrə Komissiyasının məsul katibi Zülfiyyə Həsənova, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səbail Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Emin Bağırzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Uşaq şöbəsinin müdiri Günay Manafova və rayon ərazisində yerləşən tam orta məktəblərin direktorları, psixoloq və fənn müəllimləri iştirak emişlər.
Tədbiri giriş sözü ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Kəmalə Həşimova açaraq Səbail rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə məlumat vermiş, bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd etmişdir. Daha sonra RİH başçısının müavini gənclərin milli-mənəvi ruhda tərbiyəsi, sağlam həyat tərzi və uşaqların müdafiəsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışdır.
Tədbirdə uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi mövzusunda söhbət açan millət vəkili Nigar Arpadarai uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə məlumat vermiş və virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən necə aldadılaraq təsir altına salınması barədə danışmışdır. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməli olduqları barədə tövsiyələrini vermişdir.
Daha sonra tədbir iştirakçıları təhsil müəssisələrində olan mövcud problemlər, onların həlli ilə bağlı məsələlərə toxunaraq, önləyici tədbirlərin, valideynlərin və cəmiyyətin məsuliyyətinin əhəmiyyətini vurğulamışdır. Sonda tədbir iştirakçıları onları maraqlandıran suallar vermiş, problemlərlə bağlı qarşılıqlı müzakirələr aparılmışdır.