239 nömrəli tam orta məktəbdə şəhid Teymurov Vüsal Zakir oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib
Martın 4-də Şuşa şəhəri ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Teymurov Vüsal Zakir oğlunun doğum günü münasibətilə şəhidin məzun olduğu 239 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın şöbə müdirləri Qabil Vahidov və Orxan Aydınov, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və məktəbin müəllim heyəti və bir qrup şagirdi iştirak etmişlər.
Anım tədbiri şəhid Vüsal Teymurovun, eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbir zamanı çıxış edən 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimova məktəbdə təhsil aldığı dövrdə Vüsal Teymurovun yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışlarından, vətənpərvər və nizam-intizamlı şagird olmasından söhbət açmış və məktəbin heyət üzvləri, həmçinin bütün şagirdlərin qəhrəman məzunla qürur duyduqlarını diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa edilməsində qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğu qeyd dərək Vüsal Teymurovun keçdiyi şərəfli döyüş yolundan danışmışdır.
Daha sonra tədbir 239 nömrəli tam orta məktəbin fəal şagirdləri ədəbi-bədii kompozisiya çıxışı ilə davam etmişdir.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, övladlarının doğum günündə onun xatirəsinin yad olunmasını Vüsalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirmişlər.
Qeyd edək ki, Vüsal Teymurov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.