Vətən müharibəsi şəhidi Vüsal Teymurovun doğum günü münasibətilə məzarı ziyarət edilib
Martın 4-də Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Teymurov Vüsal Zakir oğlunun doğum günü münasibətilə Səbail RİH başçısının müavinləri Vüqar Şixəmmədov, Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Eyni zamanda Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Səbail rayonu, Badamdar qəsəbəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan şəhid Vüsal Teymurovun barelyefi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, övladlarının doğum günündə onun xatirəsinin yad olunmasını Vüsalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirmişlər.
Qeyd edək ki, Vüsal Teymurov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.