Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuşdur

17 mart 2022 | 16:00

Martın 17-də Novruz bayramı ərəfəsində xalqımızın adət və ənənələrinə uyğun olaraq Səbail rayonu, Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları RİH başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunmuşdur.
Əvvəlcə, Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərin valideynlərinə belə igid, qəhrəman oğul böyütdüklərinə görə təşəkkürünü bildirmiş, ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını qeyd etmişdir: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir və  qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyinə çevrildi. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qisasını aldı. Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına çevrilir. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinmir”.
Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuş, şəhidlərin ruhlarına dualar oxunmuş və onlara ehtiram əlaməti olaraq “Şəhidlər abidəsi”nin önünə gül dəstələri düzülmüşdür.

Keçidlər