Səbaildə sakinlərlə silsilə səyyar qəbul-görüşlər keçirilmişdir
Martın 16, 17 və 18-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış sahəsi 51 nömrəli tam orta məktəbdə, Badamdar qəsəbəsi 236 nömrəli tam orta məktəbdə və İstiqlaliyyət küçəsi 33A ünvanında yerləşən 132-134 saylı Təhsil Kompleksində sakinlərlə səyyar görüş-qəbulları keçirilmişdir. Görüşlərdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Səyyar görüşlərdə çıxış edən RİH başçısı Vuqar Zeynalov son iki il ərzində pandemiya ilə əlaqədar Xüsusi Karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə fasilə verildiyini, lakin buna baxmayaraq, bu müddət ərzində sakinlərin istək və tələblərini nəzərə alaraq, onlarla fərdi qaydada qəbullar keçirildiyini bildirmişdir. Cari ilin mart ayından etibarən dövlət orqanlarında vətəndaşların qrup və fərdi qaydada qəbulunun bərpa olunduğunu vurğulayan RİH başçısı əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonda mütəmadi olaraq səyyar qəbulların keçiriləcəyini qeyd etmiş, Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrlə bağlı ətraflı danışmışdır.
Səyyar qəbulda iştirak edən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, marşrut xətlərinin dəyişdirilməsi, məhəllələrin abadlaşdırılması və digər sosial yönümlü problemlərlə bağlı müraciət etmişlər. Vətəndaşların problemlərini fərdi və kollektiv qaydada dinləyən RİH başçısı Vuqar Zeynalov onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlar vermişdir. Vətəndaşlar tərəfindən qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapmış, digər problemlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir. Yerli İcra Hakimiyyəti orqanlarının fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciətlər ünvanlanmışdır.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.