Bibiheybət qəsəbəsində sakinlərlə səyyar qəbul keçirilmişdir
Martın 30-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bibiheybət qəsəbəsi, Məktəbli küçəsi 50 ünvanında sakinlərlə səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Səyyar görüşlərdə çıxış edən RİH başçısı Vuqar Zeynalov son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə fasilə verildiyini, lakin bu müddət ərzində sakinlərin istək və tələblərini nəzərə alaraq, onlarla fərdi qaydada qəbullar keçirildiyini bildirmişdir. Cari ilin mart ayından etibarən dövlət orqanlarında vətəndaşların qrup və fərdi qaydada qəbulunun bərpa olunduğunu vurğulayan RİH başçısı əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonda mütəmadi olaraq səyyar qəbulların keçiriləcəyini qeyd etmiş, Səbail rayonunda, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrlə bağlı məlumat vermişdir.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, evlərin fasad hissələrinin və dam örtüklərinin təmiri, eyni zamanda digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə etmiş, ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.