Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

12 dekabr 2013 | 16:00

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

   Ümummilli liderimiz Heyər Əliyevin vəfatının 10-cu il dönümü ilə əlaqədar hər il olduğu kimi Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərimiz əziz xatirəsinə dərin hörmət və ehtiramla anılır.

Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilmişdir.
İlk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, Ulu öndərimizin əbədiyyətə qovuşmasından 10 il ötür. Hər il olduğu kimi, yenə də respublikamızın bütün şəhər və rayonlarının nümayəndələri, paytaxt sakinləri, xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar Fəxri xiyabana gələrək Azərbaycanın baş ziyarətgahında Ümummilli liderin məzarını ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyəti hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır, yaşanır və əbədi yaşayacaq da. Çünki millətinin inkişafı üçün onun başladığı dünyəvilik və müasirlik siyasəti, eyni zamanda quruculuq işləri bu gün sürətlə davam etməkdədir.
Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul etmişlər.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş epoxası. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Hazırda hamımızın obyektiv olaraq Azərbaycanda müasir intibah dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illər o vaxta qədər xalqın qəlbində və ən ülvi niyyətlərində illərlə gizli qalan milli ideyanın, azadlıq və müstəqillik, suveren Azərbaycan dövləti ideyasının dirçəldilməsi, onun ideya-mənəvi özəyinin və gələcək milli azadlıq hərəkatının hərəkətverici qüvvəsi səviyyəsinə yüksəlməsi üçün əlverişli zəmin yaratdı. Məhz bu dövrdə Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni-mənəvi firavanlıgının əsasını qoydu. 
Heydər Əliyevin müdrik siyasəti nəticəsində, dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu qəbul etdi, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Heydər Əliyev ölkənin müasir inkişafı üçün möhkəm təməl qoydu, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunmasını təmin etdi, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaratdı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda  səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı.
«Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı ğəmin edib» - deyən Ümummilli liderimizin ən başlıca  keyfiyyəti xalqımıza xas olan mili-mənəvi dəyərlərə ürəkdən bağlılığı, mili ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz qanını və canını sərf etməsi, bütün ömrünü milətin mədəni-mənəvi intibahına həsr etməsi idi
Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, Ümummilli lider Heydər Əliyev də öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir O, bu ölkənin - Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu kəlmələri deyən Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl – Heydər Əliyev ideyalarından güc alan sönməz məşəli alovlandırmışdır.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir.Bu siyasəti son 10 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin mühtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Sonra respublikamızın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə geniş bədii  hissə keçirilmişdir.
Tədbirdən sonra mərasim iştirakçıları və qonaqlar RİH tərəfindən Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında Ulu öndərin əziz xatirəsinə təşkil  olunan ehsan mərasiminə dəvət olunmuşdur. Tədbirin əvvəlində sarayın monitorlarında Ulu öndərə həsr olunmuş filmlər nümayiş etdirilmişdir.
İştirakçılar qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Din xadimləri Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsini oxumuşlar. Sonra 600 nəfərin iştirakı ilə ehsan mərasimi keçirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndələri «Fəxri Xiyaban»da Ulu öndərin məzarını ziyarət edəcək və həmin gün  rayonun Badamdar və Bibiheybət qəsəbələrində, 20-ci yaşayış sahəsində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, ümumilikdə 2000 nəfər üçün ehsan süfrələri təşkil olunacaq, həmçinin Bibiheybət və İçəri şəhər «Cümə» məscidlərində dini mərasimlər keçiriləcəkdir.

Keçidlər