Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

31 mart 2022 | 16:00

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları iştirak etmişlər.
Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarından bəhs edərək bildirmişdir ki: “1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib. Bu faciə əsl siyasi və hüquqi qiymətini xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə tarixi qayıdışından sonra almışdır. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymətdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun rəşadəti ilə Vətən müharibəsində qazandığımız qələbə düşmənə verilən layiqli tarixi dərsdir”.
Daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək qeyd etmişdir ki: “Tarix XIX-XX əsrlərdə dəfələrlə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrinə şahid olub. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı törədilən bu qanlı cinayət erməni vandalizminin aşkar nümunəsi olmasına baxmayaraq, tariximizin ən qanlı səhifələrindən biri olmaq etibarı ilə sovet dönəmində uzun müddət gizli saxlanılmışdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Son 18 ildə bu dəhşətli hadisələrə adekvat siyasi qiymətin verilməsi istiqamətdə ölkəmizin qanunvericilik bazası xeyli zənginləşmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan dövləti və cəmiyyətinin sözügedən fərmandan və sərəncamdan irəli gələn tədbirlər planı antiinsani ideoloji-siyasi erməni niyyətlərinin ifşasında əhəmiyyətli rol oynamışdır. Məhz 44 günlük Vətən müharibəsində Ermənistanın 30 il ərzində “məğlubedilməzliyi” ilə qürrələndiyi, “hərbi qüdrəti” ilə öyündüyü ordusunu Azərbaycanın Şanlı Ordusu məhv etdi. Azərbaycan güc yolu ilə tarixi haqq-ədaləti gerçəkləşdirdi, düşmənə öz yerini göstərdi”.
Tədbirin sonunda 1918-ci ilin mart soyqırımına həsr olunmuş sənədl film nümayiş etdirilmişdir.

Keçidlər