Bayıl yaşayış massivində sakinlərlə səyyar görüş keçirildi
Aprelin 6-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış massivi ərazisində yerləşən Qafur Məmmədov adını daşıyan parkda sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Səyyar görüşdə çıxış edən RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasından, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan, o cümlədən Səbail rayonunda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərdən söz açmışdır.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, içməli suyun fasiləsiz olaraq verilməsi, məhəllələrin abadlaşdırılması və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər. RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.