Səbaildə ictimai-iaşə obyektlərində gücləndirilmiş nəzarət tədbirləri davam edir
Səbail Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Səbail Rayon Polis İdarəsi və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yeni yaradılmış xüsusi monitorinq qrupları tərəfindən Səbail rayonu ərazisində yerləşən ictimai-iaşə obyektlərində gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir.
Monitorinqlər zamanı ictimai-iaşə obyektlərinin mətbəx və digər sahələrində qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərinin vəziyyətinə baxış keçirilir. Qeyd olunan tədbirlər nəticəsində bir sıra obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin burada rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətlərinin olması müəyyən edilmiş, həmin nöqsanlar demontaj edilərək qeyri-yaşayış sahəsindən çıxarılmış və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlər görülmüşdür.
Eyni zamanda təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və bir sıra digər məsələlərlə bağlı sahibkarlar və işçi heyəti ilə maarifləndirici söhbətlər aparılmışdır.
Bildiririk ki, ictimai-iaşə və digər xidmət obyektlərində monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınmasıdır.